Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiyanın bütün növlərindən ilk növbədə hakimlərin rüşvətlə ələ alınması aparıcı dinlər tərəfindən töhmətləndirilir: “Hədiyyələri qəbul etməyin, çünki hədiyyələr hakimləri kor və ədalətsiz edir” (Əhdi-Ətiqin 2-ci 23:8 və 5-ci kitabları); “Bir-birinizdən əmlakı mənimsəməyin, başqa adamların mülkiyyətini əldə etmək üçün hakimləri rüşvətlə almayın" (Quran 2:188-i).
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Korrupsiyaya qarşı Mübarizə Fonduna


Salyan şəhəri, Xəlil Rza Ulutürk 67 ünvanında yerləşən Paltar dükanının sahibi Quliyev Ağa Bayram oğlu tərəfindən

Ərizə


Sizə bildirirəm ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. Vaxtlı-vaxtında dövlətin vergisini ödəyirəm. Bir neçə gündür ki, Salyan rayonu İH-nin şəhər üzrə nümayəndəsi Kamil Əzizov və iş icraçısı Həsən dükandan 2600 manat pul tələb edirlər. Mən o pulu vermədiyimə görə, 03.07.2011-ci il tarixdə onlar “icra başçısının göstərişidir” dükanın qapısını yerindən çıxartdıraraq onu daşla hördürmüşlər. Bununla da, Salyan rayonu İH-nin şəhər üzrə nümayəndəsi Kamil Əzizov və iş icraçısı Həsən AR Cinayət Məcəlləsinin 190-cı maddəsinin tələblərini ciddi şəkildə pozmaqla sahibkarlıq fəaliyyətimə maneçilik törətmiş oldular.


04.07.11
Oxunub: 187 dəfə | Tarix: 5 Iyul 2011 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...
Korrupsiyaya qarşı Mübarizə Fonduna


Salyan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən “Türk malları “ dükanının sahibi Rzayeva Təranə Kainat qızı tərəfindən

Ərizə


Sizə bildirirəm ki, mənim 28 iyun 2006-cı il tarixdə dövlət qeydiyyat sənədi verilmiş 7,76 kv.m-lik dükanım var.Vaxtlı-vaxtında dövlətin vergisini ödəyirəm. Bir neçə gündür ki, Salyan rayonu İH-nin şəhər üzrə nümayəndəsi Kamil Əzizov və iş icraçısı Həsən dükandan 500 manat pul tələb edirlər. Mən o pulu vermədiyimə görə, 03.07.2011-ci il tarixdə onlar “icra başçısının göstərişidir” deyə dükanın malını bayıra atdırmış, dükanın qapısını yerindən çıxartdıraraq onu daşla hördürmüşlər. Mən bu qanunsuzluqla bağlı DİN-in 102 xidmətinə məlumat verdim və hadisə yerinə gələn polis əməkdaşları bunun şahidi olsalar da, onların bu özbaşınalıqlarının qarşısını ala bilmədilər. Bununla da, Salyan rayonu İH-nin şəhər üzrə nümayəndəsi Kamil Əzizov və iş icraçısı Həsən AR Cinayət Məcəlləsinin 190-cı maddəsinin tələblərini ciddi şəkildə pozmaqla sahibkarlıq fəaliyyətinə maneçilik törətmiş oldular.
Xahiş edirəm, bu korrupsioner və özbaşına məmurların cinayət əməllərinə hüquqi qiymət verilməsinə kömək edəsiniz.

04.07.11
Oxunub: 165 dəfə | Tarix: 5 Iyul 2011 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...
Korrupsiyaya qarşı Mübarizə Fonduna

Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 128 saylı evdə yaşayan Cəfərova Alimə Cəfərağa qızı tərəfindən

Ərizə



Nəzərinizə çatdırmaq istəyirəm ki, 2002-ci ildən onurğa sütunumda çürümə gedir. 2 il yataq rejimində yatmışam və I qrup əlillik dərəcəsindəyəm. Bu xəstəliklə bərabər, ağır şəkər xəstəsiyəm və insulinlə yaşayıram. Sağ gözüm 20 fevralda əməliyyat olunub. Amma əməliyyat uğursuz alındı gözum hal-hazırda görmür. Böyrəyim xəstə olduğundan yüksək təzyiqlə yaşayıram. Yoldaşım 1936-ci ildə anadan olub. İki dəfə infarkt keçirib.Gün ərzində bir neçə dəfə tutmalar tutur və bu üzdən çox gərgin həyat tərzi yaşayır. İki nəvəm də anadan qüsurla doğularaq 2-ci qrup əlildir.
Demək olar ki, biz səhhətimizlə əlaqədar çox ağır günlər keçiririk. Aldığımız təqaüd bizim aylıq dərmanlarımıza belə çatmır. Ona görə vəziyyətimizi bir az yaxşılaşdırmaq üçün öz həyətyanı sahəmizdə 24 kv.metrlik bir otaq tikib sahibkarlıqla məşğul olmaq istədik. Lahiyə hazırlandı və yerli İH orqanına təqdim olundu. Amma Salyan rayonu İH başçısı Tahir Kərimov dəfələrlə müraciət etməyimizə baxmayaraq, müraciətimizə rəsmi cavab vermədi, əvəzində isə onun köməkçisi olan qaynı Kamran bizə bildirdi ki, 3500AZN ödəsək mağazanın işləməsinə icazə verəcək, əks halda qapını hördürəcək. Mən pulu verə bilmədiyimə görə şəhər icra nümayəndəsi Kamil Əzizov dükanın qapısını sökdürüb yerini kubik daşla hörmüşdür. Həmin gün mənim və yoldaşımın vəziyyəti çox ağırlaşdı. Təcili yardım həkimlərinin səyi nəticəsində biz şok halından güclə çıxa bildik. Bu azmış kimi 01.07.2011 tarixdə Tahir Kərimov şəxsən səhər saat 8-də həyətimizə daxil olub, ”bu hasar çox hündürdür, mən buraya nə qədər lay düzməliyəm? Hasar 1metr 20 sm ya da 1metr 50 sm olar” deyə hirsləndi. Sonra İH-nin şəhər nümayəndəlikdən tikilinin üstünün 3 günə sökülməsini tələb etdi. Bunların hansı əziyyətlə tikilməsi T.Kərimovu heç maraqlandırmır, çünki T.Kərimov kimi biz də divarlara ağ lay düzdürüb pullarını əhalidən, müəllimlərin və tibb işçilərinin maaşlarından, sahibkarlardan almırıq. Alnımızın təri ilə zəhmətlə qazanırıq. Məgər Möhtərəm Prezidentimiz Salyandakı abadlıq işlərinə vəsait ayırmayıb ki? Azərbaycanda hər nə desən Avropa ilə müqaisə edilir, amma əhalini incidirlər. Elədirsə, biz də ailəliklə Azərbaycan vətəndaşlığından imtina edək, burada dırnaqarası adam kimi yaşamaqdansa, Avropada it kimi yaşamaq yaxşıdır, çünki orada itə qayğı var, bizdə insana qayğı yoxdur. Rayonumuzda məmur özbaşınalığı baş alıb gedir!
Mən bu yazını uzun-uzadı yaza bilərəm. Amma mənə elə gəlir ki, bizə kömək etməyiniz üçün kifayət qədər faktları Sizə çatdıra bildim. Sizdən çox xahiş edirəm ki, bizə kömək edəsiniz.

İmza: I qrup əlil Cəfərova Alimə
II qrup əlil Cəfərov Fuad

04.07.11
Oxunub: 157 dəfə | Tarix: 5 Iyul 2011 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...
Azərbaycan Respublikası Təhsil Naziri
Cənab Misir Mərdanova


Hörmətli Misir müəllim, Salyan rayonunda müəllimlərdən kütləvi pul yığılması ilə bağlı sizə məlumat vermişdik. Bu barədə Azadlıq radiosunun Şəffaflıq verilişində müxbir Maarif Çingizoğlunun apardığı araşdırma bəzi məqamları üzə çıxarmışdır. Xahiş edirəm, müəllim Firudin Əsgərovun ondan pul istənilməsi ilə bağlı söylədiyi fikirlərə diqqət yetirəsiniz və Təhsil Nazirliyinin Korrupsiyaya qarşı Mübarizə üzrə İşçi Qrupunun araşdırmalarda iştirakını təmin edəsiniz. Verilişin audio yazısını da aşağlıdakı linkdə dinləyə bilərsiniz. http://www.azadliq.org/audio/broadcastprogram/328620.html

Salyan rayonunun Pambıqkənd orta məktəbin ibtidai sinif müəllimi, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Firudin Əsgərov (050 3943035) iddia edir ki, məktəb direktoru Dilbər Əliyeva ondan 40 manat, həmin məktəbdə işləyən həyat yoldaşından isə 20 manat pul istəyib. Onun sözlərinə görə, direktor müəllimlərdən pul yığılması ilə bağlı göstərişin rayondan gəldiyini deyib: “May ayının maaşını alanda direktor məni otağına çağırdı və dedi ki, sənin adına 40, yoldaşının da adına 20 manat pul yazmışam və siz o pulu verməlisiniz. Mən dedim ki, aldığım maaşla özümü dolandıra bilmirəm, həm də şəkər xəstəsiyəm müalicəmə pul tapmıram. Mən 200 manat, yoldaşımsa 100 manat maaş alır. Dedi ki, bizə rayondan göstəriş verilib.”
Həmin məktəbin direktoru Dilbər Əliyeva isə müəllimlərdən pul yığılması ilə bağlı məlumatları təkzib edir. O, bu barədə danışan müəllimi qərəzli olmaqda ittiham edir: “Əgər belə bir şey olsa, bütün rayon məktəblərində olar. Misal üçün, mən öz məktəbimizin həyətində abadlıq işləri aparmışam buna 200 manatdan çox pulum çıxıb, elə yığsam onu yığaram. Plakatlar hazırlatdırmışam pul yığmaq olsa elə müəllimlərə deyərəm 3-5 manat köməklik eləsinlər. Öz cibimin pulu ilə düzüb-qoşuram abadlıq edirəm, ağaclar alıb əkirəm. Sözümün canı odur ki, əgər belə məsələ olsa rayondakı başqa məktəblərdən də zənglər olar bu barədə. Mən tək niyə pul yığmalıyam ki, belə şey olar?! Mən heç kimi otağa çağırıb ondan pul istəməmişəm”
Salyan Rayon Təhsil Şöbəsinin müdiri Əbülfəz Bədəlov isə deyir ki, müəllimlər onlardan pul yığılmasını desə də o, rayon təhsil şöbəsinin müdiri olaraq bu barədə heç bir məktəbə göstəriş verməyib: “Səmimiyyətlə deyirəm, şəxsən mənim məktəb direktorlarına belə bir tapşırığım olmayıb ki, getsinlər müəllimlərdən pul yığsınlar. Bir direktora belə deməmişəm ki, get mənə məktəbdən pul gətir. Belə faktlar varsa mən bu gün araşdırmağa hazıram. Mən direktorlara demişəm kiminlə bağlı problem varsa, o qalıb işləməyəcək. Demişəm ki, sizə görə mən nə işimi itirən deyilən, nə də mövqeyimi” .
Amma Pambıqkənd orta məktəbin müəllimi Firudin Əsgərov deyir ki, kimin özünü necə müdafiə etməsindən asılı olmayaraq məktəb direktoru ondan pul istəyib və bu faktdır: “Mən uzun müddətdir Yeni Azərbaycan partiyasının üzvüyəm. Bu dövlətə böyük inamım var. Mənə nə gəlib ki, yalandan direktorun məndən pul istədiyini deyəm, məndən həqiqətən də pul istənilib”.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov hesab edir ki, orta məktəb müəlliminin açıq şəkildə mətbuatda çıxışı rəsmi araşdırma aparılması üçün əsasdır.
Onun sözlərinə görə, indiyə qədər şikayətlərin anonim olduğuna və onların təkcə Fondumuz tərəfindən təqdim olunduğunu bildirən Təhsil Nazirliyi bu şikayəti araşdırmaya verə bilər: “Müəllimin öz adı, soyadı ilə korrupsiyadan danışması araşdırma üçün fakt deyilmi? Bunu hüquq -mühafizə orqanları araşdıra bilərlər. Biz həmişə rəsmi qurumlara, hüquq mühafizə orqanlarına müraciət edəndə deyilir ki, fakt verilsin, şikayətçilər adlarını açıqlamaqla müraciət etsinlər. Bu da fakt!” Vasif Mövzümov deyir ki, əslində bir çox müəllimlər onlardan pul istənilməsindən narazı olsalar da adlarının açıqlanmasını istəmirlər. Qorxurlar ki, bu barədə açıq danışsalar işlərini itirə bilərlər və ya dərs saatları aşağı salınar. Bu baxımdan da Fond nümayəndəsi korrupsiyadan şikayət edənlərin müdafiə olunması üçün yeni qanuna ehtiyac olduğunu bildirir.

09.06.11

Faktın araşdırılması ilə bağlı Təhsil Nazirliyinin göstərişi ilə Komissiya yaradılmışdır. Komissiyanın işində Korrupsiyaya qarşı Mübarizə Fondu iştirak etmişdir. Bununla da Salyanda müəllimlərin problemləri öz həllini qismən tapmışdır.
Oxunub: 169 dəfə | Tarix: 1 Iyul 2011 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...
Azərbaycan Respublikasının Baş Prokuroru
Zakir Qaralova


Ərizə


Korrupsiyaya Qarşı Mübarizə Fondunun ünvanına Şirvan şəhəri, H.Z.Tağıyev qəsəbəsi 1a/3 ünvanında yaşayan, II qrup Qarabağ müharibəsi əlili Quliyev Bayram Vaqif oğlunun şikayət ərizəsi daxil olmuşdur. Şikayətçi bildirir ki, “Mən “Qazel” markalı 10 GF 331 nömrə nişanlı şəxsi maşınımla Şirvan-Binə Ticarət Mərkəzi marşrutu üzrə işləyirəm və dövlət rüsumunu da vaxtlı-vaxtında ödəyirəm. 29 aprel 2011-ci ildə fərqlənmə nişanı almaqdan ötrü Nəqliyyat nazirliyinin nəqliyyat departamentinin Binə Ticarət Mərkəzində yerləşən bölməsinə müraciət etdim. Həmin fərqlənmə nişanının rüsumu 46 manat səksən qəpik olmasına baxmayaraq burada məndən 100 manat pul istədilər. Mənim 50 manatdan artıq pulum olmadığını desəm də, həmin bölmənin işçiləri İdris, Rüstəm və Cəmil 100 manatı tələb etdilər. Axırda onlar məni özlərinin şöbə müdiri Nicatın yanına göndərdilər. Nicat da məndən 100 manat tələb etdi. Mən ona şikayət edəcəyimi deyəndə cavab verdi ki, “get nə bilir sən elə. Artıq 1 aydır ki, məni işə buraxmırlar və işə çıxarkən də hədələyərək, işdən qovurlar.” Xahiş edirəm, mənim hüquqlarımı rüşvətxor məmurlardan qoruyasınız və fərqlənmə nişanını almaqda yardım edəsiniz.”

19.05.11

Sürücülərin qətiyyətli mövqeyindən və Fondun təkidindən sonra Nəqliyyat Nazirliyi tərəfindən problem həll olunmuşdur.
Oxunub: 171 dəfə | Tarix: 1 Iyul 2011 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
cənab Füzuli Ələkbərova


Korrupsiya Qarşı Mübarizə Fondu 2008-ci ildən “Virtual vəkillik xidməti” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası ilə əməkdaşlıq edir. Layihəyə görə korrupsiya halı ilə üzləşmiş vətəndaşların Fondun ünvanına daxil olan ərizələri ilkin araşdırmadan sonra Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və ya müvafiq dövlət orqanlarına göndərilir.
27 aprel 2011- ci il tarixdə Korrupsiya Qarşı Mübarizə Fonduna Şamaxı rayonu Quşçu kənd sakini Qədirova Sevdan Camal qızının ərizəsi daxil oldu. Şikayətçi yazır ki, “ 5 uşaq anasıyam və hamiləlik dövründə ruhi əsəb xəstəliyi keçirdiyinə görə əmək qabiliyyətini itirmişəm. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon nümayəndəliyinə, o cümlədən, Quşçu kəndi üzrə mütəxəssisə müraciət etsək də, onlar bizə ağır şərtlər qoyaraq ” ya əvvəlcədən 6 aylıq müavinəti nəğd verin, ya da zəhləmizi tökməyin. Gedin hara istəyirsiniz şikayət edin” deyiblər. Biz ölkə başçımız Azərbaycan Respublikası Prezidentinin korrupsiyaya qarşı mübarizə qərarlarını alqışlayırıq. Lakin yuxarıda göstərilən təşkilatlar həmin bu qərarları kampaniya xarakterli və sabun köpüyünə bənzədirlər. Mənim kiçik oğlumun 8, böyük qızımın 17 yaşı var, ancaq dövlət verdiyi məvacibdən məhrumdurlar. Xahiş edirəm, yuxarıdakıları nəzərə alaraq, bizi bu acınacaqlı vəziyyətdən və məmur özbaşınalığından xilas edəsiniz.”
Korrupsiya Qarşı Mübarizə Fondu bu qərara gəldi ki, operativlik xatirinə bu şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə yönəltmək məqsədəuyğundur.. Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə müraciətindən yarım saat sonra şikayətçinin qaynı Qədirov Balağa bizə zəng edərək bildirdi ki, Şamaxı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin Quşçu kəndi üzrə mütəxəssisi Rzaxan 055 594 57 27 nömrəli mobil telefon nömrəsindən zəng edərək mənə dedi ki, “şikayət etməyinizin heç bir xeyri yoxdur, gedin hara istəyirsiniz şikayət edin!” (şikayətçi Qədirova Sevdan Camal qızı xəstə olduğuna görə əlaqə üçün qaynının telefon nömrəsini göstərmişdi və biz də həmin nömrəni Nazirliyinizin qaynar xəttinə vermişdik)
Nəzərinizə çatdırmaq istəyirik ki,
- bizim tərəfimizdən Nazirliyinizin qaynar xəttinə istiqamətləndirilmiş şikayətin araşdırılması üçün rəhbərliyə deyil, dərhal qanunazidd hərəkətlərindən şikayət edilmiş şəxsə göndərilməsi özündə korrupsiya elementini ehtiva etməklə bərabər, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə ziddir.
- Nazirliyinizin qaynar xəttinin bu hərəkəti Korrupsiya Qarşı Mübarizə Fondunun Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə artıq bir neçə ildir davam edən əməkdaşlıqda apardığı işə, eləcə də, vətəndaşlar arasında qazandığı etimada ciddi ziyan vurur.
Ona görə də, xahiş edirik ki, Nazirliyinizin qaynar xəttinin məlumatından öz məqsədləri üçün istifadə etməklə, ölkə qanunvericiliyinin tələblərini, Şamaxı rayonu Quşçu kənd sakini şikayətçi Qədirova Sevdan Camal qızının və Korrupsiya Qarşı Mübarizə Fondunun hüquqlarını pozmuş Nazirliyinizin cavabdeh olan əməkdaşları haqqnda lazımi tədbirlər görəsiniz.

31.05.11

Fondun müraciəti nəzarətə götürməsindən və Nazirliyin fəal müdaxiləsindən sonra şikayətçinin ünvanlı sosial yardımla bağlı problem həllini tapmışdır və qanunu pozmuş müfəttiş cəzalandırılmışdır.
Oxunub: 175 dəfə | Tarix: 1 Iyul 2011 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...
Azərbaycan Respublikası Korrupsiyaya qarşı
Mübarizə üzrə Komissiyaya



Ərizə


Yazıb sizə bildirirəm ki, mənim həyat yoldaşım İsmayılov Seyfəddin Alxac oğlunun uzun müddət işlədiyi Gəncə şəhərində yerləşən 67 saylı bərbərxanası dövlət tərəfindən auksiona çıxarılaraq 100 saylı sərəncama əsasən satışa qoyulmşdur. Həmin bərbərxananın dəyəri yoldaşım tərəfindən ödənilmiş və bərbərxana İsmayılov Seyfəddin Alxac oğluna satılmışdır. Həmin bərbərxana 1996-cı ildə Azırbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən özəlləşdirilmişdir. Bütün sənədlərin olmasına baxmayaraq, Gəncə şəhər icra hakimiyyətinin işçisi Şahmalı deyilən bir şəxs sənədlərə əhəmiyyət vermədən mənim yoldaşıma məxsus olan bərbərxananı ləğv edir. Mən deyəndə ki, mənim yoldaşım ikinci qrup əlildir və sənədlərim qaydasındadır, mənə belə cavab verdi ki, dövlət səni aldadıb, sizin sənədiniz sənəd deyil, al dükanını belinə hara istəyirsən apar. Bu gün mən burdayam. Mən nə desəm, o da olmalıdır. Qanun budur. Mənə bu cür tapşırıq verilib. Xahiş edirəm məmur özbaşınalığının qarşısını almağa mənə kömək edəsiniz.

Mehdiyeva Şücaət Əli qızı.
Ünvan: Gəncə ş. Adil Məmmədov 35.

18.04.11

Sahibkarın mülkiyyət hüquqlarının pozulması ilə bağlı məmur özbaşınalığının qarşısı alınmışdır və onun obyekti yenidən bərpa olunmuşdur. Sahibkar Korrupsiyaya qarşı Mübarizə Fonduna öz minnətdarlığını bildirmişdir.
Oxunub: 174 dəfə | Tarix: 1 Iyul 2011 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...
Korrupsiyaya qarşı Mübarizə Fondu Korrupsiyaya qarşı Mübarizə Fondunun saytında antikorrupsion virtual məsləhət mərkəzi fəaliyyət göstərir. Üzləşdiyiniz korrupsiya hallarını təsvir edən ərizə və şikayətlər ilə müraciət edin. Ərizə və şikayətlər Fondun office@aznocorruption.az elektron ünvanına və ya Bakı, AZ1000, Azadlıq 3/13, Korrupsiyaya qarşı Mübarizə Fondun poçt vasitəsilə göndərilməlidir. Siz (+994 12) 4930276; (+994 55) 6620762 telefon nömrələrinə zəng edərək, üzləşdiyiniz korrupsiya halı barədə şikayəti deyə bilərsiniz.
Siz korrupsiya ilə bağlı suallarınızı bizim on-layn məsləhətçimizə ünvanlaya bilərsiniz. Siz düzgün hüquqi cavab alacaqsınız. Suallar Fondun elektron ünvanına verilməlidir.

Bizim mübarizə vasitəmiz - doğruluq və səmimilikdir.
Oxunub: 1213 dəfə | Tarix: 21 Iyun 2008 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...
Bu müraciəti sizə "Sumqayıtelektrikşəbəkə" ASC-nin bir qrup əməkdaşı adından yazırıq. Bu müəssisədə korrupsiya, qanun pozuntuları və rəhbər özbaşınalıqları bizi bu müraciəti yazmağa vadar etdi. Sumqayıtelektrikşəbəkə" ASC-nin sədri Fəxri Məmmədov başına yığdığı bir qrup adamla dövlət əmlakını talamaqla, korrupsiya və insan haqlarını pozmaqla məşğuldur. Bildirmək istəyirik ki, idarədə rüşvət baş alıb gedir. Işə yeni qəbul olunan adamlardan rüşvət alınır. Sədr öz yaxın adamları vasıtəsi ilə təcrubəsi olan adamları işdən kənarlaşdırıb onların yerinə Qazax-Gədəbəy zonasından adamlar təyin edir. Araşdırma aparılsa görmək olar ki, işə yeni qəbul olunan adamların əksəriyyəti bu zonadandır. Bununla da bu rəhbər yerlibazlıq siyasəti də aparır. Buna misal olaraq göstərə bilərik ki, Respublika Prezidenti Ilham Əliyevin Tərəqqi medalı ilə təltif olunmuş Qismətəli Əsədov, Nəriman Mahmudov, Eynulla Əsədov, Azər Salahov, Ramil Yusifov və daha başqalarını isdən kənarlaşdırıblar. Sədr F.Məmmədov heç bir savadı təcrübəsi olmayan adamlara yüksək dərəcələr, maaşlar təyin etdirib, özlərini idarənin, xalqın yolunda fəda edən adamlara isə heç bir maaş artımı təyin etməyib. Hələ bu azmış kimi özünün istədiyi bir qrup adamlara hətta mükafatlar yazdırır. Ümümiyyətlə idarədə maaşlar aşağı səviyyədədir, rəhbər vəzifə ilə aşağı vəzifəli işçinin maaşları arasında kəskin fərqlər var. Mühasibatlıqda sənədlərdə ciddi pozuntular var, idarənin satınalma işlərində də ciddi pozuntular var. Hesab edirik ki, sizin bizə köməyiniz o ola bilər ki, bu idarədə yoxlamalar aparılsın. Işçilərin bəziləri ilə 2007-ci ilin yanvar ayından 1 aylıq, bəziləri ilə 6 aylıq müqavilələr imzalayıblar və bununla istənilən vaxt işçilərə təzyiq edirlər. Bizim sadalamadığımız hələ başqa pozuntular da var. Biz bu hallarla barışa bilmirik.
Sizdən xahiş edirik "Sumqayıtelektrikşəbəkə" ASC-də korrupsiyanın, insan haqlarının pozulmasının qarşısının alınmasında bizə yardımçı olun və bu rəhbərlərə qarşı tədbir görün. Təzyiqlərdən və ləkələnməklə işdən kənarlaşdırılmağımızdan ehtiyatlanıb adımızı qeyd edə bilmirik . Çox xahiş edirik nəzərə alasınız.


Hörmətlə,
"Sumqayıtelektrikşəbəkə" ASC-in bir qrup əməkdaşı



Bizi təbrik edə bilərsiniz! "Sumqayitelektrikşəbəkə" ASC-nin rüşvətxor müdiri Fəxri Məmmədov vəzifəsindən azad edilib. Biz sizə və problemimiz ilə bağlı bizə kömək edənlərin hamısına təşəkkürümüzü bildiririk.


Hörmətlə,
"Sumqayıtelektrikşəbəkə" ASC-in bir qrup əməkdaşı

Oxunub: 836 dəfə | Tarix: 21 Iyun 2008 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...
Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev
küçəsi ev 4 mənzil 33-də yaşayan
Savelyeva Svetlana Nikolayevna
tərəfindən



ƏRİZƏ



Yazıb Sizə bildiriəm ki, 3 il bundan öncə Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 4-də yerləşən 33 saylı evi almışam. Aldığım zaman həmin evin üstundə 3 nəfər şəxs pasport qeydiyyatındadır. Lakin aldığım 3 il müddətdən bəri həmin şəxsləri qeydiyyatdan çıxara bilmirəm. Həmin şəxslərin mənim ünvanimda qeydiyyatda olması ucbatından hər ay müxtəlif kommunal xidmətlərə pul ödəyirəm.
Məni həmin ərazinin Mənzil İstismar İdarəsinin rəisi Orucov Səməddinə müraciət etmişəm. O məndən 200 ABŞ dolları pul istəyir ki, bu məsələni həll edim. Mən kasib adamam, bu pulu vermək imkanım yoxdur.
Xahiş edirəm ki, mənə köməklik göstərəsiniz.


Hörmətlə,
Savelyeva Svetlana Nikolayevna



Hörmətli Korrupsiyaya qarşı Mübarizə Fondunun əməkdaşları! Bu iş ilə bağlı araşdırma aparılıb və müəyyən edilib ki, Mİİ-nin müdiri həqiqətən rüşvət tələb edib. O tutduğu vəzifədən kənar edilib. Mən sizə və mənə bu işdə kömək edənlərə təşəkkür edirəm. Sizə fəaliyyətinizdə uğurlar arzu edirəm.



Hörmətlə,
Savelyeva Svetlana Nikolayevna
Oxunub: 904 dəfə | Tarix: 21 Iyun 2008 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az